MƏDƏNİYYƏT
NYU-YORKDA ALFRED NOBELƏ XATİRƏ ABİDƏSİ UCALDILMIŞDIR
Nyu-Yorkda Alfred Nobelin xatirəsini əbədiləşdirmək və onun təsis etdiyi mükafata layiq görülmüş 271 amerikalını tanıtmaq üçün abidə ucaldılmışdır. Qırmızı qranitdən düzəldilmiş abidə şəhərin Manhetten məhəlləsinin mərkəzində, amerikalıların sevimli prezidenti və Nobel mükafatı laureatı olmuş ilk ABŞ vətəndaşı Teodor Ruzveltin adını daşıyan parkda qoyulmuşdur.
Abidənin açılış mərasimində iştirak edən Norveç taxt-tacının varisi şahzadə Hokon demişdir ki, “müasir dünyada azadlıq və demokratiya yeni təhlükələrə məruz qalır. Alfred Nobel inanırdı ki, münaqişələri dincliklə həll etmək olar. Odur ki, onun bu ideyasını xatırlamaq indi həmişəkindən daha vacibdir”.
İsveç heykəltəraşı Sivert Lindblomun yaratdığı abidədə amerikalı Nobel mükafatı laureatlarının soyadlarından sonra boş yer qoyulmuşdur. Bu, gələcəkdə Nobel mükafatı alacaq ABŞ vətəndaşlarının adlarını əlavə etmək nəzərdə tutulmuşdur.