O, AÇILAN HƏR SABAHI TƏBƏSSÜMLƏ QARŞILAYIR
İllərdən bəri çiyin-çiyinə çalışdığın insan barədə söhbət açmaq həmişə xoşdur. Bu gün belə insanlardan biri, Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın baş direktorunun müavini Dağbəyi İsmayılov haqqında danışmaq üçün səbəb də var: avqustun 1-i onun yubileyidir, 60 yaşı tamam olur. Ailəsinin fəxri və dayağı olan Dağbəyi müəllim agentlikdə işlədiyi müddətdə həm də əvəzsiz bir işçi kimi tanınmışdır. Ona xas olan peşəkarlığını və işə vicdanlı münasibətini yüksək qiymətləndirən həmkarlarının səmimi hörməti və sevgisi də buna sübutdur. Biz hamımız, AZƏRTAC-ın əməkdaşları Dağbəyi müəllimi ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm cansağlığı diləyirik.
Kiçik Qafqazın ətəklərində, gözəl mənzərəli - dağları, sərin sulu çayları, bulaqları, yamyaşıl alp çəmənlikləri ilə insanı heyran qoyan qədim Qubadlı diyarında əməksevər bir ailədə doğulmuş Dağbəyi müəllimin uşaqlıq illəri orada keçmişdir.
“Kiçik vətən” deyilən bir anlayış var, hər birimizin dünyaya göz açdığı yer. İnsan gözəl bir şəhərdə yaşasa da, həyatda nə qədər böyük uğurlar qazansa da, doğulduğu, boya-boşa çatdığı yeri unutmur, həyatdan getmiş valideynlərini xatırladığı kimi, o yerləri də yada salır. Ancaq indi Dağbəyi müəllim doğma yurdunu ürək ağrısı ilə xatırlayır, çünki onun “kiçik vətəni” düşmən tapdağı altındadır. Azərbaycanın ən yeni tarixinin gərgin, dramatik bir dövründə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin dilbər guşələri, o cümlədən Qubadlı əzəli torpaqlarımıza daim göz dikən xain qonşularımızın işğalına məruz qalmışdır. Dağbəyi müəllimin böyük oğlu Elgün də Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Deyirlər, çətin sınaqlar yalnız güclü və mətin insanların taleyinə yazılır. Ürəyində belə bir itkinin ağrısını gəzdirən bu insanın açılan hər sabahı təbəssümlə qarşılaması, hər gününü xeyirxah işlərə sərf etməsi bu həqiqəti bir daha təsdiq edir. Bu mərdanəlik Dağbəyi müəllimin yüksək mədəniyyətinə, nəcabətinə, bir də Ulu Tanrıya olan dərin inamına sübutdur.
Azərbaycan ziyalılarının gözəl nümayəndəsi, istedadlı jurnalist, məsuliyyətli rəhbər işçi olan Dağbəyi İsmayılov AZƏRTAC-ın gənc əməkdaşlarına əsl atalıq qayğısı ilə yanaşır. Onunla işləmək həm xoş, həm də maraqlıdır.
######
