CƏMİYYƏT
“Oazis” restoranında baş vermiş insidentlə bağlı üç nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilir ki, iş üzrə hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İnsidentlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan videogörüntülər cinayət işinin materiallarına əlavə olunub.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.