OĞUZ QADINLARININ RAYONUN İCTİMAİ-SİYASİ VƏ MƏDƏNİ HƏYATINDAKI ROLU GETDİKCƏ ARTIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qadınlarının III Qurultayına hazırlıqla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuz rayon qadınlarının konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişlər.
Konfransı giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov Azərbaycan Qadınlarının III Qurultayı ərəfəsində AQUPDK-nin təşəbbüsü ilə respublikanın bütün şəhər və rayonlarında keçirilən bu cür konfransların böyük əhəmiyyət daşıdığını bildirmişdir.
A.Əlihüseynov demişdir ki, respublikamızda gedən inkişaf proseslərində yaxından iştirak edən qadınlar demokratik cəmiyyətin bərabərhüquqlu, fəal və vətənpərvər üzvüdürlər.
AQUPDK-nin Oğuz rayonu üzrə nümayəndəsi İlhamə Abdullayeva 2003-2008-ci illər üzrə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki, qarşıdan ölkəmiz üçün taleyüklü məsələ - prezident seçkiləri gəlir. Oğuz qadınlarının yeganə qənaəti budur ki, xalq öz taleyini inandığı, etibar etdiyi, xalqı öz arxasınca aparmağa qadir olan insana həvalə etməlidir. Belə bir şəxsiyyət isə yalnız Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevdir.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva qurultaya hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə danışmışdır.
Konfransda respublika qadınlarının III qurultayına nümayəndələr seçilmiş, Ağbirçəklər Şurasının tərkibi müəyyənləşdirilmişdir.
Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.