Oğuzda məktəblilər Anım Gününü qeyd ediblər
Oğuz, 24 sentyabr, AZƏRTAC
Oğuz şəhər 2 nömrəli internat tipli texniki və təbiət təmayüllü liseydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun və liseyin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, şəhidlərimizin qəhrəmanlığından bəhs edilib.
Şəhid ailələrinin üzvləri şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətən qarşısındakı fədakarlıqlarından danışaraq, əziz xatirələrinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.
Məktəblilər də tədbirdə fəal iştirak edərək Vətən müharibəsi, şəhidlərimizin qəhrəmanlığı və Azərbaycanın tarixi Zəfəri ilə bağlı fikirlərini bölüşüblər.
Görüş zamanı şagirdlərə Anım Gününün tarixi, Vətən müharibəsinin başlanması, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası barədə məlumat verilib. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsini yaşatmaq və onların qəhrəmanlıq irsini gələcək nəsillərə çatdırmaq mənəvi məsuliyyətdir. Şəhidlərimizin həyat yolu gənc nəsil üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir.
Müxbir - Rasim İslamoğlu