Oğuzda şəhid ailələrinin üzvləri və qazilər üçün iftar süfrəsi açılıb
Oğuz, 18 mart, AZƏRTAC
Oğuzda şəhid ailələrinin üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar süfrəsində çıxış edən rayon icra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Ramazan ayının insanları xeyirxahlığa, mərhəmətə, qarşılıqlı hörmətə və yardımlaşmaya səsləyən müqəddəs ay olduğunu vurğulayıb. Bildirib ki, bu mübarək ay cəmiyyətimizdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirdə, həmçinin Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin Oğuz rayon nümayəndəsi Samir Salehov çıxış edərək, Ramazan ayının əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunmasından və şəhid ailələri ilə qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.
Çıxışlarda Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə minnətdarlıq ifadə olunub.
Şəhid anası Gülər Cəfərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonra dua oxunub, tutulan orucların və edilən ibadətlərin qəbul olunması dilənib.
Müxbir - Rasim İslamoğlu