Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Qax, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda uşaqların müdafiəsi, onların hüquq və azadlıqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qax rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Qax rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Vahid Əliyev, Şöbənin İctimai Təhlükəsizlik Bölməsinin azyaşlılar üzrə inspektoru Tərlan Hüseynov, rayonun məktəblərinin müəllim və şagirdləri iştirak edirdilər.
Tədbirdə ölkəmizdə, o cümlədən Qax rayonunda uşaq hüquqlarının qorunması və təşviqi sahəsində görülən işlərdən ətraflı bəhs edilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər uşaq hüquqlarının effektiv təmini və təbliğinə xidmət edir. Bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görülür, onlara dövlət qayğısı artırılır.
Məruzə və çıxışlardan sonra Polis Şöbəsinin əməkdaşları mövzu ilə bağlı uşaqlarla diskussiya aparıblar.