“Ölkəmizi tanıyaq”: naxçıvanlı məktəblilər Bakı şəhəri ilə tanış olacaqlar
Naxçıvan, 15 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 15-də Naxçıvan şəhərində də start verilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhər 2 nömrəli məktəbin 11-ci sinif şagirdi Murad Quluzadə ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Murad Quluzadə deyib: “Dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan bu layihə sayəsində şagirdlər ölkəmizi daha yaxından tanıyacaqlar. Bizə bu şəraiti yaratdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Naxçıvan şəhər 12 nömrəli məktəbin 11-ci sinif şagirdi Oruc Əliyev deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhərini yaxından tanıyacaq, yeni məlumatlar əldə edəcəyik”.
X X X
Martın 15-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Xətai, Səbail, Yasamal, Nəsimi, Binəqədi və Qaradağ rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.