“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələdə
Qəbələ, 15 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 15-dən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəblilərindən ibarət 9 qrupun üzvləri martın 15-də, günorta saatlarında Qəbələyə gəliblər. Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıblar.
Rayondakı “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Ümumilikdə, 360 şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə proqrama uyğun olaraq Dəmiraparan çayının sahilində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 360 ədəd küknar, ağcaqayın və palıd ağacı əkiblər.
Sonra gəzinti zaman şagirdlərə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə təşkil ediləcək və maarifləndirici xarakter daşıyan tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq martın 15-18-də Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, bölgənin coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Qəbələyə səfərin ilk günü şagirdlər Nohur gölünə gəliblər. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Sonra Yengicə kəndindəki zooparka ekskursiya edən şagirdlərə orada saxlanılan heyvanlar barədə məlumat verilib.
Qeyd edək ki, tur-aksiya iştirakçıları martın 16-da Şəki və Zaqatalaya səfər edəcək, martın 17-də isə Qəbələnin tarixi məkanları, turizm obyektləri və istehsal müəssisələri ilə yaxından tanış olacaqlar.