Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin Naxçıvana növbəti səfəri təşkil olunub
Naxçıvan, 11 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlar “Duzdağ” Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında müalicə alıb, istirahət ediblər.
Qonaqlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ötən həftə muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Ağbulaq kəndinə, Batabat yaylağına ekskursiyalara aparılıb. Avqustun 10-da isə onlar üçün “Duzdağ” Fizioterapiya Mərkəzində, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Bu bədii tədbir muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sağlamlıq imkanları məhdud şəxslərin ölkəmizin digər bölgələrindən muxtar respublikaya səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur, müalicələri, asudə vaxtlarının səmərəli təşkili istiqamətində zəruri işlər görülür.