Ombudsman Aparatında Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd edilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd edilmişdir
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova Dövlət Bayrağı Gününün qeyd olunmasının ölkəmizdə dövlət atributlarına diqqət və ehtiramın bariz nümunəsi olduğunu vurğulamışdır.
Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq, respublikamızda son illərdə bütün sahələrdə hüquqi islahatların geniş vüsət almasının insan hüquqlarının daha səmərəli təmininə zəmin yaratdığı diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, 1995-ci il noyabrın 12-də ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycan tarixində yeni bir səhifə açmışdır. Tarixi zərurət kimi qəbul edilmiş Əsas Qanunumuz gələcək illər ərzində dövlətimizin siyasi, iqtisadi və sosial inkişafının hüquqi əsaslarını təsbit etmişdir. Konstitusiyanın üçüncü fəslinin bütünlüklə insan hüquqlarına həsr edildiyi bildirilmişdir.
Yığıncaqda insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının dövlətimizin əsas prioritet məqsədləri sırasına daxil edildiyi, Ombudsman təsisatının insan hüquqlarının səmərəli müdafiəsinə və Konstitusiyamızda təsbit olunmuş hüquqların təmininə yönəldiyi diqqətə çatdırılmışdır.