OMBUDSMAN BALAKƏN VƏ ZAQATALADA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın (MFP) icra vəziyyətinin monitorinqi məqsədi ilə Balakən və Zaqatala rayonlarında növbəti ictimai dinləmələr keçirmişdir.
Tədbirlərdə Milli Məclisin deputatı Dünyamin Xəlilov, rayonların icra hakimiyyətlərinin, bələdiyyə, hüquq-mühafizə orqanlarının, dairə seçki komissiyalarının rəhbərləri və məsul işçiləri, habelə QHT və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova MFP-nin məqsəd və vəzifələri, insan hüquqları üzrə müvəkkilin bu sahədəki fəaliyyəti barədə məlumat vermiş, bölgələrdə keçirilən ictimai dinləmələrin, maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunmuşdur. Müvəkkil bildirmişdir ki, Milli Fəaliyyət Planı Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sosial-iatisadi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçiriləcək çoxşaxəli tədbirləri müəyyən edir. Burada qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq sənədlərə uyğunlaşdırılması üçün müvafiq normativ hüquqi aktların qəbul edilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması və digər məsələlər öz əksini tapmışdır.
İctimai dinləmələrdə rayonların məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, dairə seçki komissiyalarının sədrləri çıxış edərək cari ilin payızında keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, o cümlədən seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin şəxsiyyət vəsiqələri ilə təmin olunması vəziyyəti və digər məsələlər barədə məlumat vermiş, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinin vacibliyini vurğulamışlar.