OMBUDSMAN ELMİRA SÜLEYMANOVA QƏBƏLƏDƏ İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə iyulun 25-də Qəbələ rayonunda ictimai dinləmələr keçirmişdir.
Qəbələ rayon mədəniyyət evində keçirilən tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov, Milli QHT Forumu idarə heyətinin sədri, Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzinin prezidenti Aydın Kərimov, rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, eləcə də idarə və təşkilatların, bələdiyyələrin, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
E.Süleymanova ictimai dinləmələr keçirilməsinin əsas məqsədi haqqında danışmış, “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın tətbiqi vəziyyəti, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və perspektivlər barədə məlumat vermişdir. Vətəndaşların seçki hüququ və onun mahiyyətindən, Milli Fəaliyyət Planına uyğun olaraq görülmüş işlərdən bəhs edən müvəkkil qarşıdan gələn prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə keçirilməsinin vacibliyini vurğulamışdır.
Sonra rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları vətəndaşların ərizə və şikayətlərinə vaxtında və qərəzsiz baxıldığını vurğulamışlar.
Tədbirdə qarşıda duran vəzifələr və birgə əməkdaşlıq formaları müzakirə olunmuşdur.
Müvəkkil E.Süleymanova tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.