OMBUDSMAN QAXDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyəti ilə bağlı Qax rayonunda ictimai dinləmələr keçirmişdir. Tədbirdə icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyasının, habelə QHT və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirmişdir. Xatırlatmışdır ki, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il dekabrın 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sənəddə ölkəmizdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsinin ümumdövlət vəzifəsi olduğu bəyan edilmişdir.
Elmira Süleymanovanın məruzəsində ölkəmizdə ombudsman institutunun təsis edilməsi, MFP-nin icra vəziyyətinin monitorinqi məqsədi ilə rayonlarda keçirilən ictimai dinləmələrin əhəmiyyəti, habelə payızda keçiriləcək seçkilərə hazırlıqla bağlı görülən işlər öz əksini tapmışdı. Müvəkkil artıq respublikamızın bir çox rayonlarında belə tədbirlərin keçirildiyini və bu işin davam etdiriləcəyini bildirmişdir. Ombudsman çıxışında, həmçinin, qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərə də toxunmuş, seçkilərin şəffaf, azad və demokratik keçirilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə çıxış edən natiqlər ombudsman təsisatının fəaliyyətini, bu qurumun əhali ilə hakimiyyət strukturları arasında ünsiyyətin formalaşmasındakı rolunu yüksək qiymətləndirmiş, seçkilərə hazırlıqla bağlı görülən işlərdən danışmışlar.