Operativ vergi nəzarəti hansı hallarda həyata keçirilə bilər?
Bakı, 5 sentyabr, AZƏRTAC
Vergi Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergiödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələbləri bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, operativ vergi nəzarəti həyata keçirilə bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, eləcə də vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda da operativ vergi nəzarətinin keçirilməsi mümkündür.
Qeyd olunub ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergiödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
Operativ vergi nəzarəti vergiödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergiödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergiödəyicisinə dərhal təqdim etməlidir.
Həmçinin operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergiödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları və sahələri istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Sonda operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir.