OQTAY SALAMZADƏNİN MƏHƏMMƏD FÜZULİYƏ HƏSR OLUNMUŞ KİTABI
Romanda dahi Azərbaycan şairi, türk dünyasının fəxri Məhəmməd Füzulinin ibrətamiz həyat tərzindən, onun müasirləri olan Sultan Süleyman Qanuninin xeyirxah əməllərindən, Şah İsmayıl Xətainin faciəli ömür anlarından, bir sözlə, XV əsrdə baş vermiş mühüm hadisələrdən elmi-tarixi faktlar əsasında yazıçı qələmi ilə məharətlə, geniş şəkildə bəhs edilir.
Oqtay Salamzadə tarixi və elmi-dini mövzularda bir sıra uğurlu ədəbi-bədii əsərlərin, o cümlədən Nizami Gəncəviyə həsr olunmuş silsilə romanların, müasirlərimizin dərin məhəbbətini qazanmış “Bizim nəsil” trilogiyasının və povestlərin müəllifidir.
Müəllif AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu kitabın çox qəribə yazılma tarixi vardır. Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə 1989-cu ildə Moskvadakı görüşümüz zamanı Nizami Gəncəvinin həyatından bəhs edən “Əsrlərin sirri” kitabımı ona hədiyyə edərkən, o, mənə dedi ki, Nizami ilə kifayətlənmə, Füzulidən də yaz, çünki onun da ədəbi irsi bizim üçün əvəzsizdir. Füzulinin təsiri altında Üzeyir Hacıbəyov, alimlər, rəssamlar gözəl əsərlər yaradıblar. Sən də milli mədəniyyətimizə “Əsrlərin sirri” kimi əsərlə yanaşı, Füzuli fəlsəfəsindən və sevgi iztirabından bəhs edən bir əsər bəxş et! Füzuli bizim mənliyimizdir!
Ulu rəhbərimiz Heydər Əliyevin bu sözləri məni Füzuli haqqında roman yazmağa sövq etdi və xeyli əziyyətlərdən sonra nəhayət, bu kitab işıq üzü gördü. Roman dahi şairimizin bu il qeyd ediləcək 510 illiyi ərəfəsində xüsusi əhəmiyyət kəsb edir.