REGİONLAR
Ordubad rayonunun Əylis kəndində məcburi dövlət sosial sığortası ilə bağlı maarifləndirici tədbir
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Quliyev tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Fondun Ordubad Rayon Şöbəsinin əməkdaşları Feyzulla Əkbərov, Həbib İsmayılov və Hacı Sadiqov tədbirdə çıxış edərək torpaq mülkiyyətçilərinə əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi, məcburi dövlət sosial sığortasının mahiyyəti və könüllü sosial sığortanın, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti ilə bağlı məsələlər barədə məlumat veriblər.
Qeyd olunub ki, işləyən hər bir vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əmək haqqının düzgün rəsmiləşdirilməsinə nail olmalı, bunu işəgötürəndən tələb etməlidir. Həmçinin əmək haqqının dəqiq göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını təmin etməlidirlər. Məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən onlayn ödəmə sistemi vasitəsilə, bankda nağd qaydada və internet vasitəsilə plastik kartlardan istifadə edilməklə ödənilə bilər.
Tədbirdə könüllü sosial sığortanın əhəmiyyəti barədə də məlumat verilib. Bildirilib ki, bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada da əlavə sığorta haqqı ödəməklə sığorta oluna bilərlər. Bu, həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcək.
Vurğulanıb ki, sığortaolunanın fərdi şəxsi hesabında olan pensiya kapitalı onun bilavasitə pensiyasının məbləğinə təsir göstərir. Bu vəsait nə qədər çox olarsa, sığortaolunanın pensiyasının məbləği də bir o qədər çox olacaqdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.