Ordubadda quruculuq ünvanlarının sayı artmaqdadır
Ordubad, 29 mart, AZƏRTAC
Ordubad Rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binalarında əsaslı təmir və yenidənqurma işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya Holdinq”in inşaatçılarının dizaynı ilə binaların daxili və ətrafı əsaslı surətdə yenidən qurulub.
Ordubad şəhərində digər quruculuq ünvanı isə yeni yaşayış binasıdır. Zirzəmi ilə birlikdə 8 mərtəbəli olacaq bu binada 28 mənzil istifadəyə veriləcək. Binanın tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Binanın zirzəmisinin dəmir-beton işləri tamamlanıb, birinci mərtəbədə isə həmin işlər davam etdirilməkdədir.
Rayonda digər bir quruculuq ünvanı isə Vənənd kəndidir. Ordubadın ən iri yaşayış məntəqəsi olan bu kənddəki köhnə məktəb binası əsaslı surətdə yenidən qurulur, yaşayış məntəqəsində həkim ambulatoriyası, musiqi məktəbi, kənd və xidmət mərkəzləri üçün binalar inşa olunmaqdadır.
Culfa-Ordubad magistral yolunun Dəstə-Ordubad istiqamətindəki hissəsində isə Ordubad Su Elektrik Stansiyası üçün kanal çəkilişi ilə əlaqədar yeni avtomobil yolu salınır.