ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ ORTA TƏHSİL BAZASINDAN TƏLƏBƏ QƏBULU ELAN EDİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik) tələbə qəbulu ali məktəblərə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar üç qrupa bölünür. I ixtisas qrupunun ixtisaslarını (texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları) ali məktəblərin bütün ixtisas qrupları üzrə imtahan verən, II ixtisas qrupunu (kimya-texnoloji və tibb ixtisasları) ali məktəblərin I və IV ixtisas qrupları üzrə imtahan verən, III qrup ixtisaslarını isə (humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları) ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçə bilərlər.
Müsabiqədə ali məktəblərin müvafiq ixtisas qruplarının ümumi balı 50-dən az olmayan abituriyentləri iştirak edə bilərlər.
III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər orta ixtisas məktəblərinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər. Xarici dil ixtisaslarının müsabiqəsinə müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər buraxılır. Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları seçmək imkanı da verilir.
İxtisas seçimi avqustun 10-dan 15-dək internet vasitəsilə aparılacaqdır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali məktəblərin boş qalan plan yerlərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (bu siyahı “Abituriyent” jurnalının 6-cı nömrəsində dərc olunacaqdır).