REGİONLAR
Ötən ay muxtar respublikada 510 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
Naxçıvan, 14 mart, AZƏRTAC
Fevral ayında muxtar respublikada 510 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 384 texniki sənəd hazırlanıb, 55 daşınmaz əmlak obyektinə ünvan verilib, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq, 9 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, Tumbul kəndində ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılıb, 65 evin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair torpaq balansı tərtib edilib. Şərur rayonunun Yuxarı Aralıq kəndində isə planaalma işləri başa çatdırılıb, Babək rayonunun Cəhri kəndində planaalma davam etdirilib, ay ərzində 1999 daşınmaz əmlak obyekti plana alınıb. Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan 1 nömrəli sahə inzibati ərazi dairəsində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb.
Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilib, 17 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılıb. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 52 vətəndaşın müraciətinə baxılıb, 44 vətəndaşa elektron xidmətlər göstərilib.