Ötən ay vergiödəyicilərinə 55 mindən çox Asan İmza sertifikatı verilib
Bakı, 9 fevral, AZƏRTAC
2024-cü ilin yanvar ayı ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 64 min 212 şəxs qəbul edilib və onlara 99 min 569 sayda xidmət göstərilib ki, bunlardan 34 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 31 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ümumi elektron xidmətlərin 91,4 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergiödəyicilərinə arayışların verilməsi;
- Vergiödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergiödəyicilərinin fəaliyyətinin bərpası;
- Fiziki şəxslərin uçotdan çıxarılması.
2024-cü ilin yanvar ayı ərzində vergiödəyicilərindən daxil olmuş 2,6 minə yaxın müraciət cavablandırılıb, onlara 2,4 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 306 minə yaxın SMS göndərilib. Ay ərzində 573 vergiödəyicisinin iştirakı ilə 37 görüş keçirilib, 294 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.
Hesabat dövründə 32min 864 müraciət üzrə 55 min 758 Asan İmza sertifikatı verilib.