Ötən gün yol-nəqliyyat hadisələri nəticəsində iki piyada həlak olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də respublika ərazisində piyadaların ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Yol Polisindən AZƏRTAC-a bildirilib ki, saat 18:00 radələrində Sabunçu rayonunun B.Bünyatov küçəsində yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızı 1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlunun idarə etdiyi “Toyota” markalı 90-MU-899 dövlət qeydiyyat nişanlı avtomobillə vurulub. Daha sonra Q.İsayev aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı 99-OD-967 dövlət qeydiyyat nişanlı avtomobilə dəyib.
Saat 21:25 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yolu soldan-sağa keçməyə çalışan 2005-ci il təvəllüdlü piyada Qarayev Cabir Cəmil oğlu 2002-ci il təvəllüdlü Əhmədov Rusif Vaqif oğlunun “VAZ 2107” markalı, 10-NC-407 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən vurulub.
Hər iki hadisədə piyadalar yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməyə cəhd edib və bu da onların həyatları bahasına başa gəlib. Faktla bağlı araşdırma aparılır.