İQTİSADİYYAT
Ötən il Naxçıvan Muxtar Respublikasının dinamik inkişafı uğurla davam etdirilmişdir VİDEO
Bakı, 30 yanvar (AZƏRTAC). 2013-cü il ərzində Naxçıvan Muxtar Respublikasının (MR) iqtisadi və sosial həyatında dinamik inkişaf prosesləri uğurla davam etdirilmişdir.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ildə muxtar respublikada 2 milyard 338 milyon 928 min manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da bir il əvvəlki müvafiq göstəricini 10,3 faiz üstələmişdir. ÜDM-in tərkibində ilk yeri 28,5 faiz paya malik sənaye, ikinci yeri isə 25,5 faiz payla tikinti sahəsi tutmuş və ÜDM-in 64,8 faizi maddi istehsal sektorunun payına düşmüşdür. Ötən il adambaşına düşən ÜDM-in həcmi 2012-ci ilə nisbətən 9 faiz artaraq 5 min 423 manat səviyyəsində olmuşdur.
2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri 7 faiz, hər bir nəfərə düşən gəlirlər 4,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 3,1 faiz artmışdır.