Ötən il Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir
Bakı, 15 fevral (AZƏRTAC). Ötən il Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir.
AZƏRTAC xəbər verir ki, 2013-cü ildə rayonda bağırsaq infeksiyaları qrupu üzrə viruslu hepatit 34 faiz, o cümlədən viruslu hepatit “A” üzrə 7 hadisə, viruslu hepatit “B” 6 hadisə, skarlatina 4 hadisə, su çiçəyi üzrə 6 hadisə azalmışdır. Xüsusi təhlükəli yoluxucu xəstəliklərdən sayılan qarın yatalağı, difteriya, göy öskürək, qızılca, məxmərək, quduzluq, vərəm meningenti və mütəşəkkil uşaq müəssisələrində bağırsaq infeksion xəstəlikləri qeydə alınmamışdır. Kəskin bağırsaq infeksiyalı xəstələrin 78,5 faizi xəstəxanaya yerləşdirilmişdir.
İl ərzində profilaktik peyvəndlərin yerinə yetirilməsi mütəşəkkil qaydada təmin edilmişdir. Yeni doğulmuşlara vərəm əleyhinə peyvənd 99,5 faiz, hepatit “B” əleyhinə 99,7 faiz, poliomielit əleyhinə isə 99,5 faiz yerinə yetirilmişdir.
Ümumilikdə göstərilən müddətdə uşaqlar arasında aparılmış peyvənd tədbirləri şəhər göstəricilərindən aşağı olmamış, 99,4 faiz təşkil etmişdir. Obliqat qrup kontingentinin tibbi müayinədən keçirilməsi isə rayon üzrə 97,5 faiz olmuşdur.
Rayonda içməli su təchizatı üzərində ciddi sanitariya nəzarəti həyata keçirilmiş, əhaliyə verilən içməli su mənbələrində bakterioloji və kimyəvi müayinələr aparılmışdır. Bunun nəticəsidir ki, su faktoru ilə əlaqədar heç bir mədə-bağırsaq infeksiyası qeydə alınmamışdır.
Əhaliyə satılan ərzaq məhsullarının yararlılığı nəzarətə götürülmüş və bununla bağlı mütəmadi reydlər keçirilmişdir. Reydlər zamanı 48 kiloqram müxtəlif çeşidli yararsız ərzaq məhsulu məhv edilmişdir. Həmçinin sanitariya və əks-epidemik qaydalarını pozduqlarına görə 48 nəfər hüquqi və fiziki şəxsə inzibati qaydada cərimə protokolu tərtib edilmiş, 32 obyektin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Bundan başqa 56 nəfər dövrü tibbi müayinədən keçmədiklərinə görə işdən müvəqqəti kənarlaşdırılmışdır.