DÜNYA
Pakistan öz səfirini Nyu-Dehliyə qaytarmaq qərarına gəlib
Bakı, 6 mart, AZƏRTAC
Pakistanla Hindistan arasında gərginlik tədricən azalır. Bunu Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi deyib.
AZƏRTAC Geo TV telekanalına istinadla xəbər verir ki, səfirin sözlərinə görə, ölkə rəhbərliyi səfirini Nyu-Dehliyə qaytarmaq qərarına gəlib. Bundan başqa, yaxın zamanlarda Pakistanın nümayəndə heyəti Hindistana səfər edəcək. Səfər zamanı tərəflər hindistanlı zəvvarların qonşu ölkəyə vizasız səfər etməsinə imkan verəcək Kartarpur koridorunun açılması perspektivini müzakirə edəcəklər.
Xatırladaq ki, Nyu-Dehli və İslamabad arasında vəziyyət fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinin avtomobil karvanına hücumundan sonra böhran həddinə çatıb. Həmin vaxt terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürmüşdü.
İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistanın Hərbi Hava Qüvvələri fevralın 26-na keçən gecə Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu.
Cammu və Kəşmir ştatında vəziyyət uzun illərdir gərgin olaraq qalır. “Ceyş-ə-Məhəmməd” ştatın müstəqilliyi, həmçinin onun qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.