İQTİSADİYYAT
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakına görə 15 nəfər “Nəqliyyat könüllüsü” təltif edilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən onlayn görüşdə agentliyin aparat rəhbəri Gülşən Rzayeva könüllüləri təbrik edərək xatırladıb ki, “2020-ci il Prezident İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunub. Bu il çərçivəsində dövlət qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat könüllüləri” ilə birgə bir çox tədbirlər həyata keçirib. Ötən ilin qlobal çətinliklərini nəzərə alsaq, pandemiya dövründə təbliğat, təşviqat və nəzarət işlərində sizlərin bizimlə birgə fəaliyyəti nəticəsində həm vətəndaşlarımızın maarifləndirilməsi, həm də onların sağlamlığının qorunması işləri mütəmadi olaraq davam etdirilib.
Qeyd edək ki, ölkəmizdə pandemiyaya qarşı aparılan əks-epidemik tədbirlər çərçivəsində Azərbaycan könüllüləri “Bir-birimizi qoruyaq” devizi ilə keçirilən sosial - maarifləndirmə tədbirlərində fəal iştirak ediblər.
Pandemiyanın ilk günlərindən etibarən “Nəqliyyat könüllüləri” paytaxt Bakıda vətəndaşlarımızın maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirərək 12 məntəqədə 12 min ədəd tibbi maska, 7 min ədəd maarifləndirici broşür paylayıb və sərnişinləri qaydalara riayət etməyə dəvət ediblər. İctimai nəqliyyatda pandemiya qaydalarına əməl edilməsinə nəzarət mexanizmini gücləndirmək üçün 121 nəfər nəzarətçi qismində işə cəlb edilib.