“PANHART JENERAL DEFANS” ŞİRKƏTİNİN BAŞ DİREKTORU KRİSTİAN MONSUN ÇIXIŞI
Hörmətli nazirlər!
Hörmətli xanımlar və cənablar!
Sizi MEDEF-də, Fransa Müəssisələri Hərəkatı təşkilatında salamlamaqdan böyük şərəf və məmnuniyyət hissi duyuram. Biz artıq ikinci görüşümüzü keçiririk. Bu gün bizimlə görüşə gəlmiş Zati-alilərinizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizin təşkilatımıza 2004-cü ilin yanvar ayında gəlişiniz xatirimizdədir. Bizimlə keçirdiyiniz görüş Azərbaycanın iqtisadi-sosial inkişafında iştirak edə biləcək fransız şirkətlərinə nə dərəcədə böyük əhəmiyyət verdiyinizin nümunəsidir.
Bir təşkilat kimi MEDEF-in məqsədi əldə etdiyiniz iqtisadi tərəqqinin, həyata keçirdiyiniz siyasətin və üstünlük verdiyiniz layihələrin Fransanın işgüzar dairələri tərəfindən daha yaxşı qavranılmasına yardım göstərməkdən ibarətdir. Respublika Prezidenti kimi Sizin Fransaya ilk səfərinizdən əvvəl MEDEF-in Qafqaz və Asiya ölkələri üzrə Beynəlxalq Komitəsinin başçılıq etdiyi böyük biznes nümayəndə heyətinin 2002-ci ildə Bakıya səfərindən sonra uzunmüddətli iş aparmışıq.
Fransa ilə Azərbaycan arasında çox gözəl siyasi və iqtisadi münasibətlər mövcuddur. Ölkəmiz Azərbaycanın on üçüncü ticarət tərəfdaşı və beşinci xarici sərmayədarıdır. 2004-cü ildə görüşümüz zamanı Fransa sərmayədarlar arasında yeddinci yeri tuturdu. Bu, o deməkdir ki, apardığımız iş öz konkret nəticələrini verir. 1990-cı illərdən etibarən Fransanın bəzi şirkətləri ölkənizin müxtəlif sahələrində, əsasən neft və qaz, daha sonra isə, infrastruktur, elektronika, ticarət, xidmətlər, səhiyyə, yeyinti, bank işi, məsləhətçi xidmətləri və tikinti sektorlarında fəaliyyət göstərməyə başladı. Həmin şirkətlər tərəfdaşlığı möhkəmləndirərək, yeni sərmayələr yatıraraq və ölkənizin yerli şirkətləri ilə birgə işləyərək, Azərbaycanın iqtisadi inkişafına töhfə vermək arzusundadır.
Dünyanın istənilən ölkəsi, o cümlədən Fransa biznes mühitini tədricən yaxşılaşdıraraq, xarici sərmayədarları cəlb etmək və onlarla işbirliyi qurmaq üçün rəqabət aparır. Bilirəm ki, Siz də bu cür addımlar atırsınız. Azərbaycanın iqtisadi inkişaf göstəriciləri olduqca müsbətdir və bu cür iqtisadi nailiyyətlər, o cümlədən ölkənizdə biznes mühitinin gözəçarpan dərəcədə yaxşılaşması və ölkənizin rəqabətə uyğunlaşması münasibətilə Sizin hökumətinizi və xalqınızı təbrik edirik.
Zati-aliləri, Sizin MEDEF-ə gəlməyinizi çox yüksək qiymətləndiririk. Bizimlə görüşə gəlməyinizə və ölkənizin inkişafı ilə bağlı fikirləriniz, prioritetləriniz və layihələriniz haqqında məlumat verəcəyinizə görə Sizə minnətdarıq. Eyni zamanda, ingilis dilində çıxışa razılıq verdiyinizə görə Sizə sağ olun deyirəm. Biz, adətən, bu dili rus dilindən daha yaxşı anlayırıq.
X X X
Prezident İlham Əliyev görüşdə nitq söylədi.