PANKRATİON ÜZRƏ 3-CÜ DÜNYA KUBOKU YARIŞLARININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Bakı İdman Sarayında pankration üzrə 3-cü Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərasimi açaraq idmançıları və qonaqları salamlamış, son zamanlar idman sahəsində qazanılan uğurlardan danışmışlar. Belə mötəbər turnirin Bakıda keçirilməsini ölkəmizin son illər idman sahəsində əldə etdiyi uğurların nəticəsi olduğu vurğulanmışdır. Onlar bu uğurların Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan yüksək diqqəti və qayğısı nəticəsində qazandığını söyləmişlər.
Açılış mərasimində FİLA-nın qeyri-olimpiya növləri üzrə meneceri Anne Pellaudu çıxış edərək Dünya Kuboku yarışlarının Bakıda yüksək səviyyədə keçirilməsini dəyərləndirmişdir.
Beynəlxalq Pankration Federasiyasının prezidenti Panagiotis Koutroumpas da çıxışında federasiyanın prezidenti Azad Əsgərova dəvət üçün təşəkkürünü bildirmiş və Dünya Kuboku uğrunda yarışların təşkilindən razı qaldığını qeyd etmişdir.
Açılış mərasimində Beynəlxalq Pankration Federasiyasının nümayəndə heyətinin üzvləri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Pankration Federasiyası FİLA tərəfindən hədiyyə və diplomlar ilə təltif olunmuşlar.
Nümunəvi çıxışlardan sonra Dünya Kuboku yarışları açıq elan olunmuşdur. Azərbaycanın dövlət himni səsləndirilmiş və bədii hissə təqdim edilmişdir.
######
![]() |
![]() |

