PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ
Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti bu gün Ukraynaya rəsmi səfərə yola düşmüşdür. Səfər dekabrın 4-də başa çatacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinə aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, deputatlar Vaqif Abdullayev, Tahir Rzayev, Vladimir Timoşenko, Gülmət Pirmətov, Elbrus Təhməzov, Milli Məclisin işlər müdiri Əhməd Cəfərov və aparatın beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov daxildirlər.
Səfər müddətində Milli Məclisin sədri Murtuz Ələsgərov Ukrayna Prezidenti Leonid Kuçma ilə, parlamentin sədri Vladimir Litvinlə, baş nazir Viktor Yanukoviçlə görüşəcək, ölkələrimiz arasındakı münasibətlərin bu günü və inkişaf perspektivləri, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparacaqdır.
Nümayəndə heyəti Kiyevdə Azərbaycan Prezidenti Heydər Əliyevin adını daşıyan Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunda və Taras Şevçenko adına Kiyev Milli Universitetində də olacaqdır. Parlamentin sədri Murtuz Ələsgərov universitetin professor-müəllim heyəti, aspirant və tələbələri qarşısında çıxış edəcək, dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində respublikamızın əldə etdiyi nailiyyətlərdən, parlamentlərarası əlaqələrin inkişafından, Azərbaycan-Ukrayna münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş söhbət açacaqdır.
Səfər müddətində parlament nümayəndə heyəti Ukrayna paytaxtının və Kiyev vilayətinin rəhbərləri ilə görüşəcək, Regional İdarəetmə Akademiyasının fəaliyyəti ilə tanış olacaqlar.
Nümayəndə heyətinin üzvləri Kiyev yaxınlığındakı İrpen şəhərinin rəhbərliyi ilə də görüşüb danışıqlar aparacaq, burada akademik Zərifə Əliyevanın adını daşıyan küçədə və şəhərin digər görməli yerlərində olacaqlar.
Səfər zamanı keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin əhəmiyyəti, ali qanunvericilik orqanlarındakı dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaqdır.