PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN UKRAYNAYA SƏFƏRİ DAVAM EDİR
Dekabrın 2-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşmüşdür.
Ukrayna ali qanunvericilik orqanının rəhbəri Azərbaycan parlamentinin spikerini səmimi salamlayaraq, dost ölkənin nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu və belə səfərlərin dövlətlərimiz arasındakı strateji əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət etdiyini bildirdi, Azərbaycanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə Ukraynanın xüsusi əhəmiyyət verdiyini vurğuladı.
Səmimi qəbul üçün təşəkkür edən Azərbaycan parlamentinin rəhbəri Murtuz Ələsgərov nümayəndə heyətimizi Ukraynaya dəvətinə görə Ali Radanın sədrinə minnətdarlığını bildirdi. Milli Məclisin sədri dedi ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişafında da mühüm işlər görülmüşdür. Hazırda hər iki ölkənin ali qanunvericilik orqanında dostluq qrupu fəaliyyət göstərir və gələcəkdə bu əlaqələr daha da möhkəmlənəcəkdir.
Murtuz Ələsgərov Milli Məclisin strukturu, iş prinsipi, qanun yaradıcılığı təcrübəsi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra parlament 1400-dən çox qanun qəbul etmiş, ölkədə lazımi qanunvericilik bazası yaradılmışdır. Ötən dövrdə Azərbaycan qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılmış, respublikamızda islahatlar aparılmışdır. İndi Azərbaycanın hər bir vətəndaşının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Bundan başqa, Avropa Şurasının tövsiyəsi əsasında ölkəmizdə Ombudsman təsisatı yaradılmışdır.
Spiker əlavə etdi ki, Azərbaycan və Ukrayna bir sıra beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvüdürlər və həmin qurumlarda həmişə bir-birlərini dəstəkləyirlər. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyev Avropa Şurasında ölkəmizi layiqincə təmsil edir və Azərbaycanın haqq səsini Avropa ictimaiyyətinə çatdırır.
Milli Məclisin sədri ölkələrimizin GUÖAM təşkilatı çərçivəsində də sıx əməkdaşlıq etdiyini və qurumun Parlament Assambleyasının yaradılmasının vacibliyini xüsusi vurğuladı. Onun fikrincə, belə bir qurumun yaradılması təşkilatın daha məqsədyönlü fəaliyyət göstərməsinə xidmət edəcəkdir.
Azərbaycan parlamentinin sədri ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
X X X
Ukrayna Prezidenti Leonid Kuçma həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərovu və nümayəndə heyətinin üzvlərini qəbul etmişdir.
Ukrayna dövlətinin başçısı qonaqları salamlayaraq, iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi baxımından bu səfərin əhəmiyyətindən danışdı. O, Azərbaycan Prezidenti Heydər Əliyevin çətin günlərdə Ukraynaya kömək etdiyini və buna görə ukraynalıların dövlətimizin başçısına minnətdar olduqlarını xüsusi vurğuladı. Cənab Kuçma bildirdi ki, Ukrayna-Azərbaycan münasibətlərinin belə yüksək səviyyədə olmasında Prezident Heydər Əliyevin böyük xidmətləri vardır.
Səmimi qəbul üçün və Azərbaycan Prezidenti haqqında söylədiyi xoş sözlərə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Ukrayna rəhbərinə Azərbaycan Prezidenti Heydər Əliyevin salamlarını çatdırdı.
Murtuz Ələsgərov xatırlatdı ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanmışdır. Dövlətlərarası münasibətlərin inkişaf etməsində qarşılıqlı səfərlərin böyük rolu vardır. Bu baxımdan Ukrayna Prezidenti Leonid Kuçmanın Azərbaycana və Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfərləri xüsusi yer tutur. Bu səfərlər zamanı qarşılıqlı münasibətləri tənzimləyən mühüm sənədlər imzalanmışdır. Faydalı əməkdaşlığımızın inkişaf perspektivləri olduqca böyükdür. Biz bu prosesdə Ukrayna və Azərbaycan prezidentləri arasında yaranmış səmimi dostluq münasibətlərini etibarlı təminat hesab edirik.
Milli Məclisin sədri daha sonra dedi ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. Lakin Dağlıq Qarabağ kimi problemimiz də var. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 faiz ərazimiz işğal olunub, bir milyondan çox soydaşımız ata-baba yurdlarından qovularaq çadırlarda ağır şəraitdə yaşayır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında 4 qətnaməsinə Ermənistan hələ də əməl etmir. Biz bu problemin həllində Prezident Heydər Əliyevin müdrik siyasətinə arxalanırıq və torpaqlarımızın tezliklə azad olunacağına inanırıq.
Murtuz Ələsgərov vurğuladı ki, ən böyük uğurlarımızdan biri bu günlərdə respublikamızın NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilməsidir. Gələcəkdə bu təşkilata tam hüquqlu üzv qəbul olunmağı planlaşdırırıq.
X X X
Görüşdən sonra parlament nümayəndə heyətinin üzvləri Kiyev şəhərinin görməli yerləri və Kiyev-Peçera lavrası tarixi-memarlıq qoruğu və muzeyi ilə tanış oldular.
X X X
Elə həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Ukraynanın baş naziri Viktor Yanukoviçlə görüşmüşdür.
Milli Məclisin nümayəndə heyətini səmimi salamlayan baş nazir bildirdi ki, o, cari il noyabrın 21-də Ali Rada tərəfindən bu vəzifəyə seçilib və həmin tarix Yeni Azərbaycan Partiyasının yaranması ilə eyni günə təsadüf edir. O, partiyanın 10 illik yubileyi münasibətilə Milli Məclisin sədri Murtuz Ələsgərovu təbrik etdi və onun təbriklərinin Prezident Heydər Əliyevə də çatdırılmasını xahiş etdi. Viktor Yanukoviç Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə çoxluq təşkil etməsinin yaxşı hal olduğunu bildirdi.
Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq məsələsinə ölkəsinin böyük əhəmiyyət verdiyini deyən hökumət başçısı vahid nəqliyyat sisteminin yaradılmasında, Azərbaycanın nefti və qazının nəqli sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söylədi.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Murtuz Ələsgərov Viktor Yanukoviçi baş nazir seçilməsi münasibətilə təbrik etdi və ona uğurlar arzuladı. O, Azərbaycan-Ukrayna əlaqələrinin qədim tarixi köklərə malik olduğunu xatırlatdı və dedi ki, 1992-ci ildən indiyədək 60-dan çox dövlətlərarası, hökumətlərarası sənəd imzalanmışdır. Hər iki ölkə GUÖAM təşkilatında yaxından əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İqtisadi, mədəni və digər sahələrdə sıx münasibətlər mövcuddur. Bakı Slavyan Universitetində ukraynaşünaslıq fakültəsi var. Bakıda Ukrayna dilində bazar günü məktəbləri fəaliyyət göstərir.
Görüşdən sonra nümayəndə heyəti Naməlum əsgərin məzarını ziyarət edərək əklil qoydular.
X X X
Elə həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərovla Ali Radanın sədri Vladimir Litvin arasında keçirilmiş görüşün nəticələrinə dair birgə rəsmi məlumat imzalandı.
Sənəddə qeyd olunur ki, regional münaqişələrin tərəflərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həlli GUÖAM ölkələrinin qarşısında duran ən vacib məsələdir. Tərəflər GUÖAM-ın Parlament Assambleyasını yaratmaq məqsədi ilə 2003-cü ilin birinci yarısında Kiyevdə üzv ölkələrin parlament sədrlərinin görüşünü keçirmək barədə razılığa gəldilər.
Günün sonunda Milli Məclisin nümayəndə heyəti “Çernobıl” muzeyində oldu.
Səfər davam edir.