ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə elm və təhsil nazirinin müavini İdris İsayev, Aparat rəhbəri Mətin Kərimli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən məktəb direktorları yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.
Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini izləyiblər.
Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 513 min 698 şagird təhsil alacaq.