PAYTAXT POLİSİNİN ÖTƏN İLKİ FƏALİYYƏTİNƏ YEKUN VURULMUŞDUR
Yanvarin 23-də Bakı Baş Polis İdarəsində şəhər qarnizonu şəxsi heyətinin ötən ilki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilmişdir ki, 2001-ci illə müqayisədə 2002-ci ildə cinayət-axtarış xətti ilə qeydə alınmış hadisələrin sayı 23 fakt, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 972 fakt azalmışdır. Quldurluq hadisələri 12,4 faiz, şəxsi əmlak oğurluğu 12 faiz aşağı düşmüşdür. 2002-ci il ərzində əhalidən 637 ədəd odlu silah, o cümlədən 60 avtomat, 24 tapança və digər silahlar götürülmüşdür. Hər bir cinayət hadisəsi üzrə işin üstünün açılmasının 95,5 faiz olduğu nəzərə alınarsa, paytaxt polisinin ili uğurlu nəticələrlə başa vurduğunu söyləyə bilərik.
Bununla belə, müşavirədə çıxış edən Baş Polis İdarəsinin rəisi polis general-leytenantı Məhərrəm Əliyev daha çox işdə yol verilmiş nöqsanlardan, xüsusən, adam oğurluğu ilə bağlı cinayətlərin açılması sahəsində qarşıda duran vəzifələrdən danışdı.
Son illər şəhər polisinin digər hüquq mühafizə orqanları ilə əməkdaşlığı sayəsində cinayətlərin üstünün açılmasından, habelə profilaktik tədbirlərin genişləndirilməsinin müsbət nəticələrindən bəhs edən general idarənin bütün struktur rəhbərlərinin, habelə ayrı-ayrı rayonların polis idarələrinin, şöbələrinin rəislərinin diqqətini bir məsələyə cəlb etdi ki, 2003-cü il cinayətkarlıqla mübarizədə tam dönüş ili olmalı, paytaxtda möhkəm sabitlik təmin edilməlidir.
Müşavirədə iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov öz irad və tövsiyələrini söylədi, paytaxt polisinin etimadı layiqincə doğruldacağına əmin olduğunu bildirdi.
Əməliyyat müşavirəsinə yekun vuran Məhərrəm Əliyev bildirdi ki, paytaxt polisinin şəxsi heyəti Vətənə, xalqa, dövlətçiliyə layiqincə xidmət edəcək, Azərbaycan Prezidenti Heydər Əliyevin polis işçiləri qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün səy və bacarığını əsirgməyəcəkdir.