PAYTAXTIN NİZAMİ, YASAMAL RAYONLARINDA VƏ MASALLIDA OĞURLUQ HADİSƏLƏRİ BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, özünü həkim kimi təqdim etmiş şəxs Nizami rayonu ərazisindəki Naxçıvanski küçəsi ev 6, mənzil 21-də yaşayan Ruidi Əhmədovanın mənzilində olarkən ona yuxu dərmanı vermişdir. Daha sonra “həkim” ev sahibinin 5000 dollar və 2000 manatını, qızıl əşyalarını oğurlamışdır.
Hazırda Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Yasamal rayonu ərazisindəki M.Muxtarov küçəsində Şuşa rayon sakini Mübariz Quliyevə məxsus “BMW-X5” markalı avtomaşının yük yerindən 190000 dollar və 10000 manat pul oğurlanmışdır.
Yasamal Rayon Polis İdarəsinin tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Masallı rayon sakinləri R.Səfərova məxsus avtomaşından, F.Əbülhəsənovun, N.Malıyevin və N.Abıyevanın evindən oğurluq etmiş rayon sakini, əvvəllər məhkum olunmuş Azər Cavadov və Təzə Alvadı kənd sakini Şahin İbişov rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.