Paytaxtın Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Paytaxtın Nəsimi və Nərimanov rayonlarının əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində işlər yüksək keyfiyyətlə aparılır. Uzunluğu 3,5 kilometrə malik küçənin artıq 1,1 kilometri əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, sözügedən hissə Nərimanov rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir. Küçənin bu ərazisındə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 28 min kvadratmetr sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib.
Bundan başqa, təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kvadratmetr sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə mövcud yol ayrıcına 755 kvadratmetr tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.
Təbriz küçəsinin yenicə təmirdən çıxmış hissəsində mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə 6 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton hissələri qaldırılaraq 30 ədəd yeni baxış qapaqları qoyulub.
Küçənin 2,4 kilometrlik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir. Yenidənqurma işləri zamanı küçənin 45 min kvadratmetr sahəsi frezlənib, küçəboyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 2,9 kilometr uzunluğunda yeni su xətləri, 1,5 kilometr uzunluğunda isə yeni qaz xətləri çəkilib, mövcud rabitə xətləri yenilənib, yolboyu 6,5 kilometr uzunluğunda yeni səki daşı düzülüb.
Ümumilikdə isə yolboyu 10 min poqonmetr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.