Pedaqoji Universitet NASCO konfransında iştirakçı rekordunu yeniləyib
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında (NASCO XXVIII) iştirakçı rekordunu yeniləyib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
ADPU bu il NASCO XXVIII konfransında Azərbaycandan və xarici ölkələrdən olmaqla, ümumilikdə 72 ali təhsil müəssisəsi və institut arasında tezisi qəbul edilmiş doktorant və gənc tədqiqatçıların sayına görə 37 iştirakçı sayı ilə 5-ci yerdə qərarlaşıb ki, bu da universitetin öz rekordunu yeniləməsi deməkdir. 2024-cü ildə universitetdə təhsil alan 48 doktorant və dissertant arasından 15 nəfər konfransda iştirak edib və ADPU konfransda nümayəndələri iştirak etmiş 44 ali təhsil müəssisəsi və elmi-tədqiqat institutları arasında 3-cü pillədə qərarlaşıb. 2023-cü ildə iştirakçı sayı 3 nəfər, 2022-ci ildə isə 4 nəfər olub.
Bununla yanaşı, bu il ilk dəfə olaraq ADPU-nun doktorantura səviyyəsində təhsil alan 3 nəfər Çin Xalq Respublikasının vətəndaşı da NASCO XXVIII konfransında iştirak edib.
Xatırladaq ki, Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə baş tutmuş konfrans “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.