PEN-GUAM ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNDİRƏCƏK
AZƏRTAC xəbər verir ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə GUAM ölkələri yazıçılarının I Bakı görüşü iyunun 3-də “İçərişəhər” mehmanxanasında öz işini davam etdirmişdir.
GUAM yazıçılarının növbəti iclasında David Çixladze, Vladimir Lorçenko, Rüstəm Kamal və başqalarının GUAM ölkələrində ədəbiyyatın və ədəbi proseslərin vəziyyəti haqqında məruzələri dinlənilmişdir. Lakin PEN-GUAM təşkilatının yaradılması bugünkü iclasın əsas hadisəsi olmuşdur.
Şair, nasir, esseist, beynəlxalq mükafatlar laureatı, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü Səlim Babullaoğlunun sözlərinə görə, qurumun yaradılmasına böyük ehtiyac vardır. GUAM eyni siyasi taleyi olan ölkələri birləşdirir və həmin ölkələrin ədəbiyyatının populyarlaşması istiqamətində iş nə üçün həmin formatda sistemli xarakter almasın? Yazıçılar arasında şəxsi münasibətlər həmişə olmuşdur. Zənnimcə, bu münasibətlər dövlət təsisatlarının, qurumlarının, ictimai fondların dəstəyi ilə konkret və səmərəli işə çevrilə bilər.
S.Babullaoğlu onu da bildirmişdir ki, PEN-GUAM quruma üzv ölkələrin yazıçılarının, ədiblərinin könüllü təşkilatıdır. Azərbaycan GUAM-a iki il sədrlik edəcəkdir. Sonra sədrlik Ukraynaya keçəcəkdir. Qurumun yeni rəhbəri də elə o vaxt seçiləcəkdir. Qeyd edək ki, birinci müddətə PEN-GUAM-ın sədri yekdilliklə Səlim Babullaoğlu seçilmişdir.