Penitensiar xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində maarifləndirici tədbir təşkil edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində “Narkotiklərin insan orqanizminə məhvedici təsiri və yaratdığı fəsadlar” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Gənclərin Antinarkomaniya İctimai Birliyinin və Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, narkotiklərin insan orqanizminə məhvedici təsiri, yaratdığı fəsadlar, bu sahədə mübarizənin təşkilində dövlətin rolu, həmçinin QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılma yolları haqqında ətraflı məlumat təqdim edilib.
Sonda suallar ətrafında geniş müzakirələr aparılıb, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları iştirakçılar arasında paylanıb.