Peşə kursunu bitirən müdavimlərə müvafiq sertifikatlar verilib
Naxçıvan, 20 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində daha bir peşə kursu başa çatıb.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva peşə kurslarının təşkilinin ixtisaslı kadr hazırlığındakı əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün başa çatdırılan dayə hazırlıq kursu da muxtar respublika ərazisində yerləşən uşaq bağçalarının kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Ötən dövr ərzində peşə kurslarının təşkili çərçivəsində görülən işlər və tətbiq olunan yeniliklər haqqında məlumat verən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri Vüsal Süleymanlı diqqətə çatdırıb ki, təkcə cari ilin birinci yarısı ərzində mərkəzdə müxtəlif peşələr üzrə 9 kurs təşkil olunub, ümumilikdə, bu kurslara 151 müdavim cəlb edilib.
Tədbirin davamında dayə peşə kursunu uğurla bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində hazırda bərbər, xalçaçı peşə hazırlığı, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər və kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru ixtisasartırma kursu üzrə 59 nəfər müdavim tədrisi davam etdirir.
Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə əlverişli zəmin yaradıb. Peşə kurslarının təşkili bu istiqamətdə görülən işlərin davamıdır.