ELM VƏ TƏHSİL
Peşəkar mühasib sertifikatı almaq istəyənlər noyabrın 12-də imtahan verəcəklər
Bakı, 7 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 12-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1556 (KOSS -488, MHBS-643, İSMUBS-425) nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq. Üç saat davam edəcək imtahanda namizədlərə 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.
Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.