“Pilot layihəsi” çərçivəsində Nic qəsəbəsində səyyar kitab sərgisi açılıb
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə “Pilot layihəsi” çərçivəsində Nic qəsəbəsində mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxuma mədəniyyətinin təbliğı məqsədilə səyyar kitab sərgisi təşkil olunub.
Səyyar kitab sərgisində Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə yanaşı Nic qəsəbə və Çuxur Qəbələ, Mıxlıqovaq kənd kitabxana filialları da iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Qəbələ rayonunda fəaliyyət göstərən kitabxanalarda ədəbiyyat, xüsusilə uşaq ədəbiyyatına olan meyili yüksəltmək, müxtəlif yaşlı oxucularda mütaliəyə marağı artırmaqdır.
Sərgidə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, qəsəbədəki məktəb və kitabxana müdirləri, sakinlər iştirak edib.
Sərgini Mərkəzin direktoru Asif Usubəliyev açaraq dövlətimizin sosial-siyasi həyatında multikulturalizmin oynadığı roldan söhbət açıb. Daha sonra mövcud istiqamətdəki dövlət və mədəniyyət siyasətindən sərgi iştirakçılarına məlumat verib.
Tədbirdə Nic qəsəbəsinin Uşaq Musiqi Məktəbi yetirmələrinin hazırladıqları Azərbaycan, udi və ingilis dilində ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda Mərkəz tərəfindən təsis olunmuş mükafatlar məktəbin direktoru və fəal iştirakçılara təqdim edilib.