Polis əməkdaşları ictimai nəqliyyatda koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə tədbirlər keçirirlər
Bakı, 23 avqust, AZƏRTAC
Polis əməkdaşları koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyyənləşdirilmiş norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə profilaktik söhbətlər aparılır.
Polis əməkdaşları virusa yoluxma riskinin yüksək olduğu Bakı Metropoliteninin stansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş̧ koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, paytaxtda, eləcə də digər səhər və rayonlarda karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.