Polis əməkdaşları Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər
Bakı, 7 noyabr, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda sinələrini sipər etmiş şəhidlərimizin ailələrinə baş çəkiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər. Zəfər Günü münasibətilə şəhidlərimizin ailə üzvlərini təbrik ediblər.
Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağını deyiblər. Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub. Həmçinin polis əməkdaşları şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyiblər.
Bu görüşlərdə şəhidlərin ailə üzvləri onların göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliklərinə minnətdarlıqlarını çatdırıblar.