Polis Xocavənddə sakinlərə tibbi maskalar paylayıb
Bakı, 16 may, AZƏRTAC
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Beyləqan rayonunun ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki yerli inzibati və idarəetmə orqanlarının, bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Eləcə də hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə maarifləndirici söhbətlər aparılıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanıb.