Politoloq: Azərbaycan qlobal enerji mərkəzinə çevrilir
Bakı, 14 fevral, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən siyasi kursun müvəffəqiyyəti təkcə geopolitik güc olmağımızla yekunlaşmır. Bu gün Azərbaycan Şərqlə Qərbin astanasında qlobal siyasi və iqtisadi qüvvədir. Eyni zamanda ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət dünya enerji mərkəzlərindən biri kimi Azərbaycanın dəyərini daha da artırır. İndi ölkəmiz təkcə ənənəvi enerji mənbələri ilə deyil, həm də alternativ və bərpaolunan enerji sahəsində planetin maraq göstərdiyi arealdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.
Politoloq bildirib ki, Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi ilə bu sahədə potensialımızı bir daha nümayiş etdirdik. Layihə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Tural İsmayılov əlavə edib ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə - 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Azərbaycan qlobal ekoloji məsuliyyət şüuruna da böyük töhfə verir.
Ölkə Prezidenti bildirib ki, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür.
Ölkəmiz dünya üçün yeni bir örnək rolunu oynayır, Azərbaycandan bu sahədə öyrənəcək çox nüans var.