Polkovnik-leytenant Kamil Diniyev: Vətən uğrunda qazi olmaq bir şərəfdir
İstanbul, 25 oktyabr, AZƏRTAC
Tam 28 il hərbçi olmuşam. Ömrümün hər dəqiqəsini Vətənimə xidmət etdiyim üçün fəxr edirəm. Birinci Qarabağ döyüşləri və Vətən müharibəsində iştirak etdiyim üçün isə ayrıca qürur hissi keçirirəm. Vətən uğrunda qazi olmaq bir şərəfdir. Mənə o döyüş yolunda hər bir şey qismət oldu. Qələbəni də yaşadım, qazi də oldum. Bu insana ancaq fəxr, qürur hissi yaşada bilər. Vətən müharibəsində əvvəl Qarabağla bağlı dünya ictimaiyyəti arasında müxtəlif fikirlər formalaşırdı. Biz isə bir azərbaycanlı, bir əsgər olaraq daim torpaqlarımızın geri qaytarılacağına, dövlətimizin gücünə-qüdrətinə, xalqımızın qeyrətinə inanırdıq. İnancımız bizi yanıltmadı. Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində Vətən torpağı geri qayıtdı. Bundan sonra da bütün dünya bunu bildi ki, istər hərbçi, istərsə də azərbaycanlı olaraq biz Vətənimiz, əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda daim döyüşə hazırıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qazisi, polkovnik-leytenant Kamil Diniyev ifadə edib.
Hərbi xidmətə 1993-cü ildə əsgər kimi başlayan polkovnik-leytenant Birinci Qarabağ döyüşlərində də əsgər olaraq iştirak edib. Sonradan 1995-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub, 1999-cu ildə buranı bitirib. Eyni ildən zabit kimi fəaliyyətə başlayan Kamil Diniyev müxtəlif yer və vəzifələrdə xidmət edib: “Azərbaycanın Müzəffər Ali Baş Komandanının döyüş əmri ilə Vətən müharibəsində iştirak etdim. O əfsanəvi dəmir yumruğun bir fərdi ola bilmək şərəfinə nail oldum və Ali Baş Komandanımızın əmri ilə döyüşlərə qatıldım. Öz növbəmdə hərbi hissə komandiri olaraq mən də döyüşlərdə əlimdən gələni etməyə çalışdım. Bu, bizim bir xalq və əsgər olaraq uzun illər gözlədiyimiz döyüş idi. Vətən müharibəsində sona qədər iştirak etdim. Müharibə bitdikdən sonra fevralın 8-də Talış kəndi istiqamətində 1351 deyilən yüksəklikdə minaya düşdüm. Bunun nəticəsində sol ayağımı itirdim. Bir təminat yolu var idi ki, biz onu mühəndis qrupların vasitəsilə açırdıq. O ərazidə zərərsizləşdirilməmiş düşmən minası qalmışdı. İlk olaraq sürücüm minaya düşdü. Ona kömək etmək üçün yaxınlaşdığımda mən də başqa bir minaya düşdüm. Qismət belə imiş. O hadisədən sonra sürücünün sağ, mənim isə sol ayağım amputasiya edildi. Şükürlər olsun ki, yenə də ayaq üstəyik. Qazi olmağıma baxmayaraq bu gün də əgər döyüş əmri verilərsə, mən də bir əsgər kimi Vətənim uğrunda döyüşməyə hər zaman hazıram. Biz Vətənimizi, dövlətimizi sevirik. Hər zaman Ali Baş Komandanımızın göstərişi və əmrinə hazırıq”.
Qazimiz yaralandıqdan sonra ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: “Tərtərə gətirildiyimdə vəziyyətim olduqca ağır idi. Sonradan Gəncəyə, hərbi hospitala təxliyə edildim. Orada sol ayağım amputasiya edildi və ertəsi gün Bakıya, Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalına aparıldım. Orada da sağ ayağımla bağlı əməliyyat olundum və amputasiya riski aradan qaldırıldı. Orada uzun müddət müalicə aldım. İndiyə qədər beş əməliyyat keçirmişəm. İndi gümraham, yaxşıyam, şükürlər olsun ki, ayaq üstəyəm. Xəstəxanada yatarkən də dövlətimiz bizi tək buraxmadı. Tərtərdə gözümü açdığımda bizim korpus komandiri artıq orada idi. Sonradan digər dövlət rəsmilərimiz, o cümlədən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də məni ziyarət etdilər. Sağ olsunlar həyatda qala bilməyim üçün hər cür köməkliyi göstərdilər.
Hazırda müalicəsi Türkiyədə davam edən qazimiz qardaş ölkə həkimlərinə də öz minnətdarlığını bildirib: “Dövlətimiz tərəfindən yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə müalicəm qardaş Türkiyədə olduqca yüksək səviyyədə davam etdirilir. Azərbaycanda olduğu kimi, buradakı həkimlər də bizim sağalmağımız üçün böyük səy göstərir, əllərindən gələni əsirgəmirlər. Sağ ayağımda da böyük problemlər, hətta amputasiya təhlükəsi var idi. Həkimlərimizin səyi nəticəsində hazırda sağ ayağımdakı problemlər aradan qalxıb. Sol ayağıma isə yüksək standartlara cavab verən protez taxılıb. Hərəkət qabiliyyətim tam təmin olunub. Bizə göstərilən bu diqqət və qayğı üçün dövlətimiz və xalqımıza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Hər zaman Vətən sağ olsun”.
YAŞAT Fondu - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 140 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 96-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul