POLŞA AZƏRBAYCANIN AVRATLANTİK STRUKTURLARA İNTEQRASİYASINI DƏSTƏKLƏYİR
Xarici işlər nazirinin müavini Xələf Xələfov səfərin ölkələrimiz arasında uğurla inkişaf edən münasibətlərə yeni təkan verəcəyini vurğulamışdır. Azərbaycan ilə Polşanın ənənəvi dostluq əlaqələrinin olduğu, respublikamızın Avropa və Avratlantik strukturlara inteqrasiyasına Polşanın verdiyi dəstək yüksək qiymətləndirilmişdir.
Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti çərçivəsində, habelə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətinin vurğulandığı görüşdə, ölkələrimiz arasında siyasi əlaqələrin getdikcə möhkəmlənməsi, bu münasibətlərin iqtisadi, mədəni, humanitar müstəvidə də inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu qeyd edilmişdir.
Polşa Senatının sədri Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edərək, ölkəsinin Avropa İttifaqı və NATO-nun genişləndirilməsinin tərəfdarı olduğunu, bu istiqamətdə Azərbaycanın həmin qurumlarla əlaqələrinin daha da dərinləşməsində maraqlı olduqlarını bildirmişdir.
Boqdan Boruseviç Azərbaycandakı siyasi sabitliyin xarici şirkətlərin və beynəlxalq maliyyə qurumlarının ölkəmizin iqtisadiyyatına böyük məbləğdə sərmayə qoymalarına şərait yaratdığını və nəticədə Azərbaycanın daha da gücləndiyini demişdir.
Ölkələrimizin iqtisadi əlaqələrinin mövcud potensiala cavab vermədiyi vurğulanmış, Azərbaycanda uğurla həyata keçirilən beynəlxalq layihələrdə Polşa şirkətlərinin iştirakı təklifi müsbət dəyərləndirilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə dair Polşanın mövqeyi yüksək qiymətləndirilmişdir.
Görüşdə beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq, sülhyaratma işində iştirak, beynəlxalq və regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.