ELM VƏ TƏHSİL
Polşanın Sileziya Universitetinin professoru Azərbaycan Dillər Universitetində olmuşdur
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Polşanın Sileziya Universitetinin professoru Coanna Laskovska ilə görüşmüşdür.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə S.Seyidov III Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışmışdır. Rektor Forum çərçivəsində dünyanın bir sıra universitetlərinin nümayəndələri ilə fikir mübadiləsi aparıldığını, əməkdaşlığın perspektivlərinin müzakirə olunduğunu vurğulamışdır.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə qonağa məlumat verən rektor Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində layihələrdə ADU-nun iştirakından və ikinci dəfə layihənin əlaqələndiricisi kimi fəaliyyət göstərəcəyindən söz açmışdır. S.Seyidov ADU-da regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində polyak dilinin tədris edildiyini qonağın diqqətinə çatdırmışdır.
Professor C.Laskovska səmimi görüşə görə təşəkkür etmiş, ADU-nun Polşa universitetləri ilə əlaqələrinin genişlənəcəyinə əminliyini bildirmişdir.
Görüşdən sonra C.Laskovska ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri qarşısında “Polşada təhsil” mövzusunda təqdimatla çıxış etmişdir.
Təqdimatda Polşanın təhsil sistemi, təhsil proqramları, Sileziya Universitetinin beynəlxalq əlaqələri, tələbə mübadiləsi, müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı, xarici tələbələr üçün təşkil olunan yay məktəbi barədə geniş məlumat verilmişdir.
Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ölkəsində əcnəbi tələbələr üçün yaradılan təhsil imkanlarından danışmışdır.
Sonda polşalı professor tələbələri maraqlandıran sualları cavablandırmışdır.