Portuqaliya gimnastları Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıblar
Bakı, 11 mart, AZƏRTAC
Portuqaliya gimnastları Bakıda keçirilən akrobatika üzrə 28-ci dünya çempionatında qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qadın cütlüklərin qarışıq hərəkət üzrə final yarışında Portuqaliya təmsilçiləri 28,280 xalla birinci olublar.
Macarıstanlı cütlük 26,950 xalla gümüş, Qazaxıstan təmsilçiləri isə 26,790 xalla bürünc medalı boyunlarından asıblar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.