PREZİDENT İLHAM ƏLİYEV İMİŞLİDƏ 2 NÖMRƏLİ ŞƏHƏR ORTA MƏKTƏBİNDƏ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də İmişli rayonundakı Nizami Gəncəvi adına 2 nömrəli şəhər orta məktəbi ilə yaxından tanış olmuşdur.
Məktəblilər Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı gül-çiçəklə qarşıladılar.
Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin binası daxili imkanlar hesabına əsaslı təmir olunmuş, 22 kompyuter, idman salonu üçün yeni avadanlıq alınmışdır. 1300 yerlik məktəbdə 1160 şagird təhsil alır, 85 müəllim və texniki işçi çalışır.
Prezident İlham Əliyev təmir işlərini yüksək qiymətləndirdi və təhsil müəssisələrinin müasir standartlara cavab verməsini təmin etmək üçün bütün imkanların mövcud olduğunu vurğuladı. Eyni zamanda bidirildi ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və köməyi ilə ölkəmizdə 130-dan çox məktəb tikilmişdir və bu iş davam etdirilir.
Dövlətimizin başçısı məktəbin kompyuter otağı ilə tanış oldu, ayrı-ayrı sinif otaqlarını gəzdi, dərs şəraiti ilə yaxından maraqlandı. Bildirildi ki, kompyuterlər internet şəbəkəsinə qoşulmuşdur. Prezident xatırlatdı ki, Azərbaycanda orta məktəblərin kompyuterləşdirilməsi proqramının həyata keçirilməsi davam etdirilir.
Dövlətimizin başçısı məktəbin idman salonu ilə də tanış oldu. Kompyuterlər vasitəsilə məktəbin keçmiş vəziyyəti, eləcə də ulu öndərin və Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını əks etdirən qısa videokadrlar göstərildi.