Prezident İlham Əliyev növbəti dəfə mərhəmət, böyüklük ünvanı olduğunu sübut etdi
Bakı, 9 may, AZƏRTAC
Humanizm prinsipləri, insanpərvərlik kimi ali dəyərlər Azərbaycanın dövlət siyasətinin ana xəttinin əsaslarını təşkil edir. İnsan hüquq və azadlıqlarının qorunması, hüquq, ədalət meyarı ölkəmizin prioritet istiqamətlərindən biridir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, vətəndaş məmnunluğu ilə qarşılanan əfv fərmanları humanitar aksiya kimi bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bununla yanaşı, xalqımızın əziz övladı Heydər Əliyev tərəfindən başlanan bu nəcib, mütərəqqi aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya qərarları ilə davam edərək minlərlə məhkuma şamil olunaraq sevgi ilə qarşılanıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən mayın 8-də imzalanan Əfv Sərəncamı müstəqillik tariximizin ən böyük humanizm aktı olaraq cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Sərəncamda qeyd olunduğu kimi 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad olundu.
Cəzaçəkmə müəssisələrində əfv olunanların azadlığa buraxılması prosesini, doğmalarına qovuşduğu anları izlədikcə, Prezident İlham Əliyevin alicənablığının, böyüklüyünün bir daha şahidi olduq. Harada olmağından asılı olmayaraq vətəndaşa, insana sevgi və dəyər verən Prezident İlham Əliyev növbəti dəfə mərhəmət, böyüklük ünvanı olduğunu sübut etdi.
Bu Əfv Sərəncamının təkcə ölkəmizdə deyil, beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən deputat azadlığa qovuşmuş keçmiş məhkumları təbrik edib, onların cəmiyyətə tezliklə inteqrasiya olunmasını arzulayıb.